Məzmuna keç İdarə Heyətinə qeydiyyat başladı! Komandamızın bir parçası ol. Müraciət et

Haqqımızda

Əsasnamə

Təşkilatın fəaliyyətini, üzvlük qaydalarını və idarəetmə strukturunu müəyyən edən əsas sənəd.

I. Ümumi müddəalar

1.1. “UNEC İnnovativ Gənclər Təşkilatı” (bundan sonra “Təşkilat”) təhsil alan gənclərin inkişafını və innovasiya sahəsində iştirakını təmin etməklə məşğul olan, təhsil müəssisəsinin ictimai həyatında innovativ fəaliyyətin artırılması, tələbələrin intellektual potensiallarının inkişaf etdirilməsi, onların ideya və təkliflərinin dəyərləndirilməsi, maraqlarının müdafiə edilməsi eləcə də sosial problemlərin həlli üçün aktiv fəaliyyət göstərən tələbə təşkilatıdır.

1.2. Təşkilat Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Dövlət İqtisad Universitetinin (bundan sonra UNEC) Nizamnaməsinə və bu Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.

1.3. Təşkilat, tələbələrin innovasiya sahəsində fəaliyyətini dəstəkləmək məqsədi ilə UNEC rəhbərliyi ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

II. Təşkilatın əsas məqsəd və vəzifələri

2.1. Təşkilatın əsas məqsədi tələbələrin innovativ potensiallarını dəstəkləmək, onların ideya və təkliflərini dəyərləndirmək, innovativ layihələrini həyata keçirmək və innovasiya sahəsində fəal iştiraklarını təmin etməkdir.

2.2. Təşkilatın əsas vəzifələri aşağıdakılardır:
2.2.1. tələbələrin elm, təhsil, ekologiya, incəsənət, sağlamlıq və texnologiya sahələrində innovativ ideya və təkliflərinin dəstəklənməsi və həyata keçirilməsi;
2.2.2. innovativ layihələrin təşkili və inkişaf etdirilməsi;
2.2.3. tələbələrin sosial problemlərinin müzakirəsi və həllinə dəstək olunması;
2.2.4. innovasiya sahəsindəki fəaliyyətlərdə tələbələrin könüllü iştirakının təmin edilməsi;
2.2.5. tələbələrin inkişafını dəstəkləmək üçün innovativ təlim və tədbirlərin təşkil edilməsi.
2.2.6. tələbələr arasında pis vərdişlərə və digər neqativ meyllərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi;
2.2.7. tələbələrin iştirakı ilə innovasiya sahəsində müsabiqələrin, seminarların, festivalların, forumların, iclasların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, diskussiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsi;
2.2.8. tələbələrin maraq və meyllərini, intellektual inkişafını təmin etmək üçün dərnəklərin, studiyaların, klubların, kursların, xidmətlərin təşkil edilməsi;
2.2.9. tələbələrin problemlərinin həll edilməsi məqsədilə müvafiq qərarların qəbul olunması üçün UNEC-in Elmi Şurasına məsələlərin çıxarılması, universitetin rəhbərliyi qarşısında vəsatətin qaldırılması;
2.2.10. qanunvericilikdə qadağan edilməyən digər vəzifələrin həyata keçirilməsi.

III. Təşkilata üzvlük, üzvlərin hüquq və vəzifələri

3.1. UNEC-də təhsil alan bütün tələbələr təşkilata üzv ola bilərlər.

3.2. Təşkilata üzvlük könüllü xarakter daşıyır.

3.3. Təşkilata üzvlərin qəbulu İnnovasiya Şurası tərəfindən həyata keçirilir.

3.4. Təşkilata üzv olmaq istəyənlər İnnovasiya Şurasına rəsmi sayt vasitəsilə onlayn və ya yazılı şəkildə müraciət edir. Müraciətə 5 gün müddətində baxılır və İnnovasiya Şurasının üzvlərinin yarıdan çoxu müsbət münasibətini bildirdiyi təqdirdə üzvlüyə qəbul həyata keçirilir.

3.5. Təşkilat üzvləri bərabər hüquqludurlar və aşağıdakı hüquqlara malikdirlər:

3.5.1. təşkilatın idarəçiliyində iştirak etmək;
3.5.2. təşkilatın hər hansı struktur bölməsinə seçmək və seçilmək;
3.5.3. təşkilatın təşkil etdiyi tədbirlərdə iştirak etmək;
3.5.4. təşkilatın fəaliyyəti barədə məlumat almaq;
3.5.5. müxtəlif layihə və proqramlarla çıxış etmək;
3.5.6. öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün təşkilata müraciət etmək.

3.6. Təşkilatın üzvləri aşağıdakı vəzifələri daşıyırlar:
3.6.1. təşkilatın Əsasnaməsinə əməl etmək;
3.6.2. gördüyü işlərə məsuliyyətlə yanaşmaq;
3.6.3. təşkilatın struktur bölmələrinin qərarlarını yerinə yetirmək.

3.7. Təşkilatın üzvünün fəaliyyətinə aşağıdakı hallarda xitam verilir:
3.7.1. təşkilat ləğv edildikdə;
3.7.2. könüllü olaraq təşkilatın üzvlüyündən çıxdıqda;
3.7.3. təşkilatın üzvlüyündən çıxarıldıqda.

3.8. Təşkilatın üzvü üzvlükdən aşağıdakı hallarda çıxarırlır:
3.8.1. təşkilatın Əsasnaməsində göstərilən bəndləri pozduqda;
3.8.2. təşkilatın nüfuzuna zərər verən hərəkətlər etdikdə;
3.8.3. universitetdaxili intizam qaydalarını kobud şəkildə pozduqda;
3.8.4. universitetdən xaric edildikdə;
3.8.5. qanunvericiliyə zidd olan hərəkətlər etdikdə;
3.8.6. Təşkilat üzvünün üzvlüyünə xitam verilməsindən narazı qaldığı halda İnnovasiya Şurasına şikayət etmək hüququ var.

IV. Təşkilatın strukturu

4.1. Təşkilatın strukturu aşağıdakılardan ibarətdir:
4.1.1. İdarə heyətinin sədri
4.1.2. Sədrin müavinləri
4.1.3. Fakültələr üzrə sədrlər
4.1.4. Layihə koordinatorları
4.1.5. İnnovasiya və araşdırmalar departamenti
4.1.6. Könüllülərlə iş departamenti
4.1.7. İctimaiyyətlə əlaqələr departamenti
4.1.8. İnnovasiya şurası

V. Təşkilatın idarəetmə orqanları

5.1. Təşkilatın idarəetmə orqanları aşağıdakılardır:
5.1.1. İdarə heyəti
5.1.2. İnnovasiya Şurası
5.1.3. Konfrans

5.2. İdarə heyətinin fəaliyyəti bu əsasnaməyə uyğun olaraq həyata keçirilir.
5.2.1 İdarə heyəti təşkilatın strateji inkişafını, əsas fəaliyyət istiqamətlərini və prioritetlərini müəyyən edir.

5.3. İdarə heyətinin tərkibi və seçilməsi:
5.3.1. idarə heyətinin say tərkibi Konfrans tərəfindən müəyyənləşdirilir.
5.3.2. idarə heyətinin üzvləri təşkilatın ümumi yığıncağında seçilir.
5.3.3. idarə heyətinin üzvlərinin səlahiyyət müddəti bir il təyin edilir.
5.3.4. idarə heyətinin sədri seçkilər yolu ilə bir il müddətinə təyin olunur.

5.4. İdarə heyətinin funksiyaları:
5.4.1. təşkilatın Əsasnaməsində dəyişikliklər və əlavələr təklif etmək.
5.4.2. təşkilatın fəaliyyət planını və strateji inkişaf proqramlarını təsdiq etmək.
5.4.3. illik fəaliyyət hesabatlarını qəbul etmək və İnnovasiya Şurasına təqdim etmək.
5.4.4. təşkilatın üzvlərini üzvlükdən çıxarmaq və yeni üzvləri qəbul etmək.

5.5. İdarə heyətinin hüquq və vəzifələri:
5.5.1. təşkilatın məqsəd və vəzifələrinə uyğun fəaliyyətlərin həyata keçirilməsini təmin etmək.
5.5.2. təşkilatın iş planını təsdiq etmək və icrasına nəzarət etmək.

5.6. İdarə heyətinin üzvlüyündən çıxarılma:
5.6.1. idarə heyətinin üzvü könüllü olaraq istefa verə bilər.
5.6.2. idarə heyətinin üzvü ciddi qayda pozuntuları və ya vəzifələrini yerinə yetirməməsi səbəbindən üzvlükdən çıxarıla bilər.
5.6.3. üzvlükdən çıxarılma qərarı idarə heyətinin ümumi yığıncağında qəbul edilir.

5.7. İnnovasiya Şurasının (bundan sonra Şura) məqsədi, hədəfləri və işləmə prinsipi:
5.7.1. şuranın məqsədi təşkilatın innovasiya strategiyasını inkişaf etdirmək, yeni ideyaları dəstəkləmək və həyata keçirməkdir.
5.7.2. şuranın say tərkibi 12 nəfərdən ibarətdir və Konfrans tərəfindən təsdiqlənir.
5.7.3. şura müntəzəm olaraq (ən azı rüblük) iclaslar keçirir.
5.7.4. iclaslar İnnovasiya Şurasının sədri (bundan sonra sədr) tərəfindən çağrılır və təşkil olunur.
5.7.5. şura qərarları sadə səs çoxluğu ilə qəbul edilir.
5.7.6. sədr, səsvermə zamanı bərabərlik olduğu halllarda həlledici səs hüququna malikdir.
5.7.7. iclasın protokolları hazırlanır, Şura üzvlərinə paylanılır, təsdiqlənir və saxlanılır.
5.7.8. şura illik fəaliyyət hesabatı hazırlayır və idarə heyətinə təqdim edir.
5.7.9. hesabatlarda innovasiya fəaliyyətlərinin nəticələri, əldə olunan uğurlar və çətinliklər əks olunur.
5.7.10. şuranın fəaliyyəti idarə heyəti tərəfindən müntəzəm olaraq nəzərdən keçirilir və qiymətləndirilir.

5.8. İnnovasiya Şurası:
5.8.1. təşkilatın ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan İnnovasiya Şurasıdır.
5.8.2. İnnovasiya Şurası nümayəndələrinin seçilməsi təhsil müəssisəsində tələbələrin sayına əsasən formalaşdırılır və Konfrans tərəfindən təsdiqlənir.
5.8.3. üzvlərin yarıdan çoxunun yazılı müraciətinə və Konfransın qərarına əsasən növbədənkənar İnnovasiya Şurası çağrıla bilər.
5.8.4. İnnovasiya Şurasının çağırılması barədə təşkilatın üzvlərinə ən azı 20 (iyirmi) gün qalmış məlumat verilməlidir.

5.9. İnnovasiya Şurasının səlahiyyətinə aşağıdakılar aiddir:
5.9.1. təşkilatın Əsasnaməsinə dəyişikliklərin edilməsi üçün təkliflərin verilməsi;
5.9.2. təşkilatın strukturunda dəyişikliklərin edilməsi;
5.9.3. təşkilatın icra orqanlarının səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması;
5.9.4. təşkilatın illik hesabatının təsdiq edilməsi;
5.9.5. təşkilat üzvlərinin şikayət və müraciətlərinin dinlənilməsi;
5.9.6. təşkilatın icra orqanlarının rəhbərlərinin hesabatlarının dinlənilməsi.
5.9.7. İnnovasiya Şurası üzvlərinin yarısından çoxu (50%+1) iştirak etdikdə səlahiyyətli hesab edilir.
5.9.8. İnnovasiya Şurasında müzakirə olunan məsələlər haqqında qərar nümayəndələrin sadə səs çoxluğu ilə qəbul olunur.
5.9.9. İnnovasiya Şurasında yazılı protokol aparılır, protokol İnnovasiya Şurasının sədri və katibi tərəfindən imzalanır.

5.10. Seçki prosedurları:
5.10.1. sədr seçkiləri gizli səsvermə yolu ilə onlayn formatda keçirilir.
5.10.2. sədr seçkilərinə namizədliyini irəli sürən tələbələr onlayn formatda qeydiyyatdan keçməlidirlər.
5.10.3. namizədliyi irəli sürülən tələbənin ÜOMG 71-dən az olmamalıdır.
5.10.4. hər bir üzv yalnız bir namizədə səs verə bilər.
5.10.5. hər hansı bir namizəd seçki nəticələrinə dair etiraz etmək istəyirsə, bu etirazı yazılı şəkildə seçki nəticələrinin elanından sonra 3 iş günü ərzində seçki komissiyasına təqdim etməlidir.
5.10.6. sədr təkrar seçilmək hüququ ilə bir il müddətinə seçilir.
5.10.7. İnnovasiya Şurasının sədri daxili səsvermə yolu ilə 2 il müddətinə seçilir.

VI. Təşkilatın fəaliyyətinin təşkili, layihə və proqramları

6.1. Təşkilatın fəaliyyətinin təşkili onun məqsədlərinə və bu əsasnaməyə uyğun həyata keçirilir.

6.2. Layihə və proqramlar tələbələrin innovasiya sahəsində fəal iştirakını təmin etmək məqsədilə tərtib edilir.

VII. Təşkilatın yaradılması, fəaliyyəti və fəaliyyətinə xitam verilməsi

7.1. Təşkilatın yaradılması, fəaliyyəti, yenidən təşkili və ya ləğv edilməsi UNEC-in Elmi Şurasının müvafiq qərarı ilə həyata keçirilir.